Dərəcəniz ali olsun (Grading)

Əməyinin nəticələrinin ölçülmədiyi, qiymətləndirilmədiyi, uğurlu nəticələrin nəzərə alınmadığı, nəticələrə görə mükafatların və qarşılığın olmadığı hallarda əməkdaşlarda demotivasiya halları olur. Bir qurumda işləyən ilə işləməyənə, dəyər qatan ilə dəyər qatmayana, tələblərə uyğun olanla olmamayana fərq qoyun. Bu fərqin müəyyən edilmədiyi ekosistemlərin davamlılığın qorunması şübhə altında olur. Beləliklə də faydalı iş əmsalı aşağı düşür. Odur ki, komandalarda, kollektivlərdə, qurumlarda bütün üzvlər (tərkiblər) öz mövqelərinə, əməllərinə, verdikləri faydaya, işlərinin nəticələrinə, məsuliyyətlərinə və s. kimi amillərə görə bir-birindən fərqləndirilməli, onlardan gözlənilən vəzifələr, rollar, pozisiyalar dərəcələndirilməlidirlər.

Vəzifə və peşələr üzrə əmək haqqının təyin edilməsi üçün onların dərəcələndirilməsi-qradasiyası (grading) şərtdir. Bu zaman vəzifə və peşələr üzrə iş analizləri aparılmalı, iş yükü, funksiyaların şaxəliliyi, işlərin ağırlığı, tələblər, məsuliyyət dərəcələri, problemləri həll etmə sıxlığı və keyfiyyət gözləntisi, kordinasiya qurmaq üzrə tələblər, fiziki şərtlər, əmək şəraiti və s. nəzərdən keçirilməlidir. Bu meyarlar üzrə müəyyən edilən əmsallar və model vasitəsilə hesablamalar aparıldıqdan sonra həmin vəzifə və peşələrin dərəcələri müəyyən edilir. Vəzifə (peşə) maaşı da məhz bu dərəcələrə görə aşağı pozisiyadan yuxarı pozisiyaya doğru olmaqla müəyyən edilməlidir. Bir sıra hallarda isə əmək haqları və ona olan əlavələr subyektiv amillər əsasında ödənilir. Bu subyektiv amillərə tanışlıq və qohumluq əlaqələri, qurumdan kənar əlaqələr vasitəsilə qurumun müəyyən maraqlarının qorunması, işçinin əvvəlki iş yerində aldığı əmək haqqı, işçinin cari qurumda işləmə müddəti kimi amillər nəzərə alınır.

Vəzifə və peşələrin qradasiyasının aparılması zamanı əsla subyektivlik edilməməli, hesablamalar əsaslandırıla bilinməlidir. Həmin hesablamalar şəxs mərkəzli deyil, vəzifə (peşə) mərkəzli olmalıdır. Vəzifənin (peşənin) iş yükü və bu işləri icra etmək üçün ona olan tələblər nəzərə alınmalıdır. Qradasiya müəyyən edildikdən sonra əldə edilən dərəcə balları vəzifə (peşə) maaşının müəyyən edilməsi üçün yenidən əmsallandırılır. Əmsallaşdırma apararkən də ədalətsizlik edilməməli, yanaşma düzgün müəyyən edilməlidir.

Müəyyən edilən qradasiyalar və vəzifə (peşə) maaşının bu qradasiyalar üzrə hesablanma əmsalları daha sonradan iş yüklərindəki dəyişikliklərə və məbləğlərin əmək bazarındakı mövqeyindəki dəyişikliklərə görə yenidən tənzimlənə bilər.

Dərəcələr müəyyən edildikdən sonra əsla nəzarətsiz və müşahidəsiz buraxılmamalıdır. Müntəzəm və periodik olaraq hesablamalar aparılmalı, zərurət olduqda dəyişikliklər edilməlidir. Bunun üçün isə əlbəttə ki, proseslərə və sistemə nəzarət edə biləcək mexanizmlər mövcud olmalıdır.

Dərəcələndirmə, qradasiya anlayışı insanın yaradılışının mahiyyətində olduğu kimi, səmavi disiplinlərdə də mövcuddur. Odur ki, insanların əməyinin, davranışlarının təşviq edilməsi üçün onların Yaradıcısı tərəfindən də bir-birlərindən fərqləndirilməsi kimi bir alətdən istifadə edilməsi qradasiya modulunun labüdlüyünü səciyyələndirir.

Vəzifə və peşələrin bir-birindən fərqləndirilməsi, əhəməiyyət və tabelik üstünlüyünün müəyyənləşdirilməsi üçün onların dərəcələndirilməsi idarəetmədəki ehtimal edilən xaotik vəziyyətləri önləmək, ierarxiya strukturunu sağlamlaşdırmaq üçün də faydalıdır. Çünkü pozisiyalara edilən təyinatlar həmin pozisiyalar və onların dərəcələri üzrə müəyyən edilən kvalifikasiya və kompetensiya tələblərinə cavab verən şəxslər arasından olmalıdır. Təyinatlar aparıldıqdan sonra isə təyinat edilmiş şəxslərin davamlı olaraq qiymətləndirilməsi, onların fəaliyyətlərinin nəticələrinin ölçülməsi, bunun nəticəsində də mükafatlandırma və yaxud da limitləşdirmə tədbirlərinin görülməsi zəruridir.

Çünkü işçilərin fəaliyyətinə nəzarətin olması və onların bunu bilməsi, qiymətləndirilmə və nəticəsində əldə edilən mükafatlar-maraqlar onların gördükləri işi daha həvəslə etməsinə səbəb olur. Hər bir vəzifənin, hər bir peşənin özünə məxsus öhdəlikləri, bu öhdəliklərə qarşılıq isə əməyin ödənilməsi dərəcələri olmalıdır. Dərəcələrindən asılı olaraq öhdəliklərin mahiyyəti də dəyişir. Öz vəzifə və öhdəliyini ona qoyulmuş tələbdən daha keyfiyyətlə, daha peşəkar, vaxtında icra edən işçilərin nəticədə əldə edəcəkləri mükafat onların standart-baza əmək haqlarından müsbət mənada fərqlənməlidir.

 

 

Müəllif: Tural O.Məmmədov

 

Leave a Comment